Alternativ transkontinental marşrut təqdim edilib

2023.08.24 12:42 (UTC+04:00)

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində aparılan təmir- bərpa işləri yekunlaşanadək alternativ transkontinental marşrut təqdim edilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “vergiler.az”a verilən məlumata görə, yeni dəmir yolu-dəniz əlaqəsi yüklərin təyinat stansiyalarına vaxtında çatdırılmasını və təchizat zəncirinin bütövlüyünü təmin edəcək.

Yeni marşrut ilə yüklər gəmilərlə Türkiyənin Dərincə, Mersin, Alsancaq, Marport və Evyap limanlarından Gürcüstanın Poti və Batumi limanlarına çatdırılacaq.

Limanlarda konteynerlər platformalara aşırılaraq dəmir yolu vasitəsilə Bakı limanına daşınacaq. Daha sonra yük Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına, oradan isə dəmir yolu vasitəsilə Orta Asiyadakı təyinat stansiyalarına göndəriləcək.