Bu ilin 19-21 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Xəzər İnşaat Həftəsi ilə payız sərgi mövsümünə start veriləcək.
“Caspian Event Organisers”dən “vergiler.az”a verilən məlumata görə, İnşaat Həftəsi çərçivəsində keçiriləcək sərgilər sırasına bu ildən etibarən daha bir sərgi qoşulacaq. Belə ki, bu il 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh”, 28-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” və 15-ci Yubiley “Aquatherm Baku” sərgiləri ilə yanaşı, 11-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” sərgisi keçiriləcək.
Qarabağın bərpasına həsr olunan yeganə və ilk ixtisaslaşmış “Rebuild Karabakh” sərgisinin məqsədi təşkilat və müəssisələri Qarabağın bərpası proseslərinə cəlb etməkdir. Sərgi ekologiya, energetika, kənd təsərrüfatı, nəqliyyat, qida sənayesi, “ağıllı ev” həlləri, turizm, yol infrastrukturu və digər bölmələr üzrə təşkil ediləcək.
“BakuBuild” və “Aquatherm Baku” sərgiləri isə tikinti sənayesində innovativ mal və xidmətlərin ölkə bazarına çıxışı üçün şərait yaradır, qısa müddətdə hədəf auditoriyası ilə üzbəüz görüşlər keçirmək, yerində biznes qurmaq imkanı təqdim edir.
“Road&Traffic” sərgisi Azərbaycanda yol infrastrukturu sahəsində ixtisaslaşmış tədbirdir. Sərgi yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları sektorlarının peşəkarlarının görüş yeri sayılır.