Füzuli şəhərinə köçürülən ailələrin məşğulluğuna dəstək göstərilir

2023.08.21 17:20 (UTC+04:00)

Böyük Qayıdış proqramı üzrə Füzuli şəhərinə köçürülən sakinlərin məşğulluğuna dəstək işlərinə başlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, Füzuli şəhərinə ilk köçürülən 23 ailə yerləşdikdən sonra onlarla ünvanlarında görüşlər keçirilib. Həmin ailələrin üzvlərinin məşğulluq imkanları qiymətləndirilib, onlara aktiv məşğulluq proqramları (özünüməşğulluq proqramı, peşə hazırlığı kursları, işədüzəltmə tədbirləri və s.) barədə məlumatlar verilib.

Qiymətləndirmənin nəticəsinə uyğun olaraq qeyd edilən proqramlar çərçivəsində həmin vətəndaşların məşğulluğuna dəstək işləri aparılır.

Ümumilikdə isə ilk mərhələdə Füzuli şəhərinə köçürülməsi nəzərdə tutulan 144 ailənin üzvlərinin məşğulluq imkanlarının araşdırılması məqsədilə ailələrin hər biri ilə ilkin əlaqə saxlanılıb, onlara aktiv məşğulluq proqramları barədə ətraflı məlumat verilib.