Qazaxıstanın sənaye və infrastrukturun inkişafı naziri Marat Karabayev Azərbaycana işgüzar səfər edib.
“vergiler.az” nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, o, işgüzar səfəri zamanı bir sıra nəqliyyat infrastrukturu obyektlərində, o cümlədən Bakı Gəmiqayırma Zavodunda, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında və limanyanı stansiyalarında, həmçinin Hövsan limanında və Baş Ələt stansiyasında olub.
M.Karabayev Abşeron Logistika Mərkəzində və Bakı Dəmir Yolu Vağzalında da olub, burada İsveçrənin “Stadler” şirkətinin istehsalı olan minik vaqonları ilə tanış olub.
Səfər çərçivəsində M.Karabayev Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşüb. Görüşdə Azərbaycan tərəfinə Anlaşma və Əməkdaşlıq Memorandumunun layihəsinə və Transxəzər Beynəlxalq Nəqliyyatı Marşrutu (TBNM) üzrə yenilənmiş yol xəritəsi layihəsinə baxılması təklif olunub.
Qeyd edək ki, “Orta dəhliz” kimi də tanınan TBNM Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Qara dənizdən keçərək Avropaya qədər uzanır. TBNM Assosiasiyasına 8 ölkədən dəmir yolu administrasiyaları, limanlar, gəmiçilik və s. olmaqla 20 şirkət daxildir.