Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri 82 km uzunluğa malik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “vergiler.az”a verilən məlumata görə, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu Toğanalı-Kəlbəcər 56 km, Kəlbəcər-İstisu 26 km təşkil edir. Toğanalı-Kəlbəcər layihəsinin 16-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1 700 m-dən Murovdağ zirvəsinədək 3 250 m-ə qədər artır.
Bu hissədə dünyanın əz uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq. Əlavə olaraq 561.2 m, 626.9 m, 480 m və 947.90 m uzunluğunda 4 tunelin tikintisi də həyata keçirilir.
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihə üzrə ümumi uzunluğu 2 968 metr olan 6 qovşağın və ümumi uzunluğu 5 600 metr olan 36 bağlantı yolun tikintisi də nəzərdə tutulub. Ümumilikdə layihə üzrə fiziki işlərin tərəqqisi 41 faiz təşkil edir.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”na əsasən aparılır. Tərtib olunmuş qrafikə uyğun layihənin vaxtında yekunlaşdırılması məqsədilə Agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Bu üzdən sözügedən rayonun bir-çox yaşayış məntəqələri ilə yanaşı rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.