Dünya Bankı ilə əməkdaşlıq məsələləri müzakirə olunub

2023.08.09 15:20 (UTC+04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmeyster ilə görüşüb.

Nazirlikdən “vergiler.az”a verilən məlumata görə, nazir Azərbaycanın Dünya Bankı ilə uğurla əməkdaşlıq etdiyini, ölkəmizdə, Bankın göstərdiyi texniki yardım və maliyyə dəstəyi layihələrinin yüksək qiymətləndirildiyini bildirib. Nazir qeyd edib ki, Dünya Bankı ilə əlaqələrimiz çoxşaxəlidir. Bankla özəl sektorun diaqnostikası, innovasiyalar, rəqəmsal inkişaf, idarəetmə texnologiyalarının inkişafı, bərpa olunan enerji və digər sahələrdə əməkdaşlıq Azərbaycanda qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, müasir texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi baxımından xüsusi önəm kəsb edir.
Ştefani Ştalmeyster ölkəmizin strateji inkişaf məqsədlərinə nail olunması istiqamətində Bankın Azərbaycan hökuməti ilə sıx əməkdaşlığı davam etdirəcəyinə əminliyini bildirib, tərəfdaşlığın yeni istiqamətləri barədə fikirlərini bölüşüb.

Tərəflər həmçinin, Dünya Bankı ilə ölkəmiz arasında əməkdaşlığın gücləndirilməsi, birgə layihələr, həmçinin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, investisiyaların təşviqi barədə müzakirə aparıb.