Bərdə-Ağdam (47,1 km) və Horadiz-Ağbənd (110,4 km) dəmir yolu xətlərinin tikintisi işləri də davam etdirilir. Layihələr üzrə əldə edilən fiziki tərəqqi uyğun olaraq 70 və 41 faiz təşkil edir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, bu barədə Laçın şəhərində işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılan Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclasında çıxış edərkən İşçi Qrupunun rəhbəri, nazir müavini Rəhman Hümmətov deyib.
O, hazırda ümumi uzunluğu 1965,5 km olan 16 layihə üzrə avtomobil yollarının tikintisi işlərinin qrafikə uyğun aparıldığını və bunların da əksəriyyətinin respublika əhəmiyyətli yollar olduğunu diqqətə çatdırıb.
R.Hümmətov işğaldan azad edilmiş ərazilərdə radio-televiziya yayımı, mobil rabitə və sabit telekommunikasiya şəbəkəsi üzrə görülmüş və planlaşdırılan işlər barədə iclas iştirakçılarını məlumatlandırıb.
Bildirilib ki, Laçın şəhərinə əhalinin böyük qayıdışına başlanması və sakinlərin öz doğma yurdlarına köçürülməsi ilə əlaqədar olaraq, hazırda şəhərdə aparılan bərpa-tikinti işləri çərçivəsində nəqliyyat və rabitə infrastrukturunun qurulması sahəsində də işlər sürətlə davam edir. Şəhərin daxili yollarının bərpası layihəsi 53 faiz icra edilib, eyni zamanda şəhərlərarası və şəhərdaxili nəqliyyat-yol şəbəkəsinin müasir tələblərə uyğun planlanması işlərinə başlanıb. Şəhərdə telekommunikasiya şəbəkəsinin qurulması istiqamətində 700 evdə yeni texnologiyalar əsasında GPON şəbəkəsinin tətbiq olunması üçün layihə hazırlanıb. Hazırda 19,7 km uzunluqda fiber-optik magistral və 20 km abunəçi kabel xətti çəkilib. Laçın şəhərində 137 məntəqədə telekommunikasiya xidmətlərinin təşkili üçün müvafiq infrastruktur qurulub.
İclas çərçivəsində işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Laçın şəhərində yol-nəqliyyat infrastrukturunun qurulması, avtonəqliyyat və sərnişindaşıma xidmətlərinin təşkili məsələləri, mövcud tələbat və imkanlar geniş müzakirə edilib.