Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard manata yaxın olub

2023.08.08 10:31 (UTC+04:00)

2023-cü ilin yanvar-iyul ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard manata yaxın olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "vergiler.az"a verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4 faiz və ya 375,6 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə ötən ilin eyni dövrünə nisbətən 15,6 faiz artaraq 1,9 milyard manat təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15,6 faiz artaraq 105,2 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,8 faiz artıb və 76,6 milyon manat təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 faiz artaraq 536,2 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 19,5 faiz artıb və 372,3 milyon manat təşkil edib.