Mərkəzi Asiyanın ən iri holdinqlərindən biri olan Özbəkistanın "AKFA Group" şirkətlər qrupunun nümayəndələri ilə görüş keçirilib.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) “vergiler.az”a verilən məlumata görə, görüşdə Agentliyin rəhbəri Yusif Abdullayev ölkədə yaradılan əlverişli biznes və investisiya mühiti, investorlar və ixracatçılara təklif olunan imtiyazlar, o cümlədən logistikanın subsidiyalaşması, vergi güzəştləri və hazırlıq mərhələsində olan digər stimullaşdırıcı mexanizmlər barədə məlumat verib.
"AKFA Group"un baş icraçı direktoru Bahadır Abdullayev Azərbaycanda xarici investorlar üçün yaradılan şəraiti və inkişaf etmiş infrastrukturu qeyd edərək bildirib ki, konqlomerata daxil olan “Artel” şirkəti tərəfindən Azərbaycanda potensial investisiya layihələrinin reallaşdırılması çərçivəsində ilkin olaraq məişət texnikası istehsalı müəssisələrinin qurulmasında maraqlıdırlar.
Y.Abdullayev Agentliyin şirkətə dəstək göstərməyə hazır olduğunu vurğulayıb və gələcək əməkdaşlığın hüquqi çərçivəsinin müəyyən edilməsi istiqamətində fikirlərini bölüşüb. Bu müstəvidə məlumat mübadiləsinin aparılmasına dair razılıq əldə olunub.