Nəqliyyat və logistika infrastrukturundan əlavə Azərbaycan və Qazaxıstan arasında əlaqələrin prioritet istiqamətini qeyri-hökumət əməkdaşlığı təşkil edir.
Bu sözləri “vergiler.az”a qazaxıstanlı politoloq, Qazaxıstan Beynəlxalq İnformasiya Texnologiyaları Universitetinin media kommunikasiyası və tarixi kafedrasının professoru Saken Mukan deyib.
"Bu gün 304 milyon dollar dəyərində 110 adda Qazaxıstan qeyri-xammal malının Azərbaycan bazarlarına tədarükü üzərində iş aparılır. Bunlar metallurgiya, neft-kimya, qida sənayesi, maşınqayırma, əczaçılıq, tikinti məhsullarıdır. Onların dinamikası izlənilir və bəzi qruplarda artım müşahidə olunur. Qazaxıstandan Azərbaycana ixracın artması müxtəlif növ nəqliyyat vasitələrin tədarükü hesabına təmin edilir”, - ekspert qeyd edir.
Onun sözlərinə görə, rəsmi Bakı və Astana yük axınlarının tranzit əlaqəsini təmin etmək üçün səylər göstərirlər.
Saken Mukan qeyd edir ki, bu gün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu prioritetdir və Asiya ilə Avropa arasında mühüm əlaqəyə çevrilib.
“Qazaxıstan 2022-2027-ci illər üçün Orta Dəhlizin inkişafı üzrə Yol Xəritəsi çərçivəsində fəal işləyir. Aktau limanının bazasında konteyner qovşağının tikintisinə, “Dostıq-Moyıntı” dəmir yolunun və Almatı stansiyasının dolama dəmir yolu xəttinin tikintisinə başlanılıb. Bu, Qazaxıstan-Çin nəqliyyat dəhlizinin ötürücülük qabiliyyətini 5 dəfə, o cümlədən konteyner qatarlarının sürətini sutkada 1 500 km-ə qədər artırmağa imkan verəcək”, - o deyir.
Saken Mukan qeyd edir ki, birgə sənəd vasitəsi ilə Aktau və Kurık limanlarında dibdərinləşdirmə işlərinin aparılması planlaşdırılır, bərə donanmasının inkişafı üçün tədbirlər görülür.
“Ticarətin müsbət dinamikasından danışarkən qeyd etmək lazımdır ki, hazırda iki ölkə arasında ticarətin strukturunda Qazaxıstan emal məhsullarının payının tədricən artması müşahidə olunur”, - deyə o, yekunlaşdırıb.
Tamilla MƏMMƏDOVA