Polşa ilə ticarət dövriyyəsi 60 faizdən çox artıb

2023.08.03 15:58 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Polşa ilə ticarət dövriyyəsinin ümumi həcmi 32,9 milyon ABŞ dolları və ya 61,1 faiz artaraq 86,9 milyon dolları ötüb.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 6 ayında Azərbaycandan Polşaya 7,95 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 5 milyon dollar və ya 2,7 dəfə çoxdur.

Polşadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 54,6 faiz və ya 27,9 milyon dollar artaraq 79 milyon dolları üstələyib.

Cari ilin ilk yarımilliyinin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Polşa ilə ticarətin payı 0,33 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 0,12 faiz bəndi çoxdur.