“AzerGold” QSC və Dövlət Məşğulluq Agentliyi (DMA) “Daşkəsən rayonunda qadınların məşğulluğunun artırılması” layihəsinin icrasına başlayıb.
QSC-dən “vergiler.az”a verilən məlumata görə, layihə “AzerGold”un “Çovdar” qızıl mədəninin yaxınlığında yerləşən Çovdar, Quşçu kəndləri və “Şadax” adlanan ərazidə yaşayan qadınların əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrə yiyələnməsi, aztəminatlı evdar qadınların məşğulluq məsələləri, qadınlar arasında mikro və kiçik sahibkarlığın inkişaf etdirilməsi məqsədi daşıyır.
Bu məqsədlə “AzerGold” və DMA mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə qadınlara əmək bazarındakı aktual peşə-ixtisas sahələri, məşğulluq mərkəzlərində qeydiyyata durmaq qaydası, mövcud olan vakansiyalar, peşə təhsili müəssisələrinə qəbul qaydaları, özünüməşğulluq proqramı barədə ətraflı məlumat verilib.
Layihənin növbəti mərhələsində bilik və bacarıqları məqbul hesab edilən qadınların müvafiq istiqamətlər üzrə peşə fəaliyyətinə cəlb edilməsi üçün zəruri addımların atılması nəzərdə tutulub.