Orta Dəhliz üzrə yükdaşımalar 77 faiz artıb

2023.08.02 16:30 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə daşımaların həcmi 77 faiz artıb.

vergiler.az” Qazaxıstan hökumətinin rəsmi informasiya saytına istinadən xəbər verir ki, bu barədə baş nazir Əlixan Smailov gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə görüş zamanı deyib.

Onun sözlərinə görə, ikitərəfli əlaqələr çərçivəsində tranzit-nəqliyyat sahəsində qarşılıqlı fəaliyyət getdikcə daha mühüm rol oynayır və bu gün TBNM-in inkişafı üzrə ölkələr arasında tərəfdaşlıq sürətlə möhkəmlənir. Bu ilin ilk 6 ayı ərzində Orta Dəhlizlə yükdaşımaların həcmi artıq 77 faiz artaraq 1,3 milyon ton təşkil edib.

Qazaxıstanın Baş naziri əlavə edib ki, əldə edilən dövlətlərarası razılaşmalar bu dəhlizin gələcək inkişafına əlavə təkan verib. Xüsusilə rəqəmsallaşma, sabit daşıma tariflərinin təmin edilməsi və marşrut boyu vahid logistik operatorun yaradılması məsələlərinin təşviqi xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, “Orta dəhliz” kimi də tanınan TBNM Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Qara dənizdən keçərək Avropaya qədər uzanır. TBNM Assosiasiyasına 8 ölkədən dəmir yolu administrasiyaları, limanlar, gəmiçilik və s. olmaqla 20 şirkət daxildir.