“Sumqayıt Tekstil” MMC-dəki dövlət payının satışı ilə bağlı 30 may 2023-cü il tarixində elan edilən investisiya müsabiqəsinə yekun vurulub.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən “vergiler.az”a verilən məlumata görə, bu ilin 7 iyul tarixində müsabiqə komissiyası tərəfindən zərflər açılıb və iddiaçıların təklifləri qiymətləndirilib.
İştirakçıların təkliflərinin təhlili aparıldıqdan sonra, daha əlverişli şərtlər təklif edən “Sumqayıt Texnologiyalar Parkı” MMC investisiya müsabiqəsinin qalibi elan olunub.
Müsabiqə qalibi ilə imzalanmış alqı-satqı müqaviləsinə uyğun olaraq, investor dövlət büdcəsinə 5 milyon manatın köçürülməsinə, həmçinin 2 il ərzində müəssisədə 9,1 milyon manat həcmində İnvestisiya Proqramının icrasına dair öhdəliklər götürüb.
İnvestisiya Proqramı çərçivəsində müasir avadanlıqların, nəqliyyat vasitələri və texnikanın, xammalın alınması, tikililərin təmiri və yenidən qurulması, infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur.
Müsabiqə qalibi investisiya qoyuluşları nəticəsində müəssisədə 350 yeni iş yerinin yaradılmasını planlaşdırır.