Tikinti materiallarının standartlaşdırılması üzrə Texniki Komitənin növbəti iclası keçirilib

2023.07.28 15:24 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Tikinti materialları, məmulatları və konstruksiyaları”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 10) növbəti iclası keçirilib.

İnstitutdan “vergiler.az”a verilən məlumata görə, iclasda AZSTAND, Fövqəladə Hallar Nazirliyi Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu, Energetika Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, “NORM” ASC, “Holcim-Azərbaycan” ASC, “Beyaz Alçı” MMC, “Metalico” MMC, “Kartaş LTD” MMC, “Fortis Group” MMC-nin nümayəndələri iştirak ediblər.

Görüşdə AZS ГОСТ 31108-2023 “Ümumi inşaat təyinatlı sementlər. Texniki şərtlər” , AZS ГОСТ 12730.1-2023 “Betonlar. Sıxlığın təyini üsulları” , AZS ГОСТ 17625-2023 “Dəmir-beton konstruksiyalar və məmulatlar. Beton mühafizə qatının, armaturun ölçüləri və yerləşməsinin təyin edilməsinin radiasiya üsulu”, AZS EN ISO 11925-2023 “Tikinti materialları – Yanğına qarşı davamlılıq sınaqları – Alova birbaşa məruz qaldıqda alovlanma qabiliyyəti - Fəsil 2: Tək alov mənbəyi ilə sınaq” və AZS EN 13501-1-2018 “Yanğın təhlükəsinə görə tikinti məmulatları və materiallarının təsnifatı. I hissə. Yanğın təhlükəsi sınaqlarının nəticələrinə görə tikinti məmulatlarının təsnifatı” milli standartların layihələri müzakirə edilib.