İtaliya şirkəti ilə dəmir filizinin istehsal zəncirinin təşkilinə dair danışıqlar aparılır

2023.07.25 17:43 (UTC+04:00)

“AzerGold” QSC Daşkəsən dəmir filizi yataqlarının istismarı, dəmir filizinin istehsalı zəncirinin təşkili üçün müvafiq istehsalat infrastrukturunun qurulması layihəsi çərçivəsində İtaliyanın tanınmış “Danieli” şirkəti ilə danışıqlar aparır.

QSC-dən “vergiler.az”a verilən məlumata görə, bunu “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri ilə görüşü zamanı deyib.

Dəmir filizi istehsalı çərçivəsində son məhsul olaraq HBİ (hot briquetted iron – isti briketləşmiş dəmir) xammalının istehsalının planlaşdırıldığını deyən Z.İbrahimov gələcəkdə daxili bazarın tələbatı ödənilməklə bu məhsulun İtaliya və digər Avropa ölkələrinə ixracının da mümkünlüyünə toxunub.

HBİ xammalının istehsalının daha ekoloji təmiz texnologiya əsasında təşkili istiqamətində fəal çalışmaların davam etdiyini qeyd edən İdarə Heyətinin sədri Avropada istehsalatda ətraf mühitə təsirlərlə bağlı tətbiq edilən qanunvericiliyin tələblərini nəzərə alaraq, Azərbaycanın bu məhsuluna böyük marağın yaranacağına ümid etdiyini bildirib.

Eyni zamanda, QSC-nin rəhbəri yeni mədənlərin işə salınması, o cümlədən kəşfiyyat, texniki-iqtisadi əsaslandırma, layihələndirmə, tikinti və istismar mərhələləri barədə geniş məlumat verib və bu mərhələlərdə də ixtisaslaşmış İtaliya şirkətləri ilə əməkdaşlığa hazır olduqlarını qeyd edib.