Ələt-Astara-İran ilə dövlət sərhədi yeni magistral yolunun İranla dövlət sərhədinədək olan hissəsinin tikintisi yekunlaşmaq üzrədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “vergiler.az”a verilən məlumata görə, layihə Ələt–Astara–İran ilə dövlət sərhədi avtomobil yolunun 204 –cü kilometrlik hissəsindən başlayaraq 3,05 kilometrlik hissəsini əhatə edir.
Yeni magistral yolun sözügedən hissəsi İran ilə dövlət sərhədində tikilən yeni avtomobil körpüsünə birləşir. Sözügedən 3 aşırımlı körpüdə inşaat işləri yekunlaşsa da, hazırda suyun körpünün dayaqlarına ziyan vurmaması üçün körpü requlyasiyalarının inşası davam etdirilir.
İran tərəfindən körpüyə yanaşma yolunun inşası davam etdirilir.
Yolun və körpünün tikintisi Şimal-Cənub nəqliyyat dəhlizi üzrə qonşu ölkəyə, o cümlədən əks istiqamətdə gedən avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin edəcək. Bundan başqa avtonəqliyyat vasitələrinin Astara şəhər mərkəzinə daxil olmadan hərəkətini təmin edəcək ki, bu da həm əhalinin, həm də yoldan istifadə edən sürücülərin rahatlığı və təhlükəsizliyi baxımından önəmlidir.