Azərbaycan istehsalı olan zeytun yağları və şərablar beynəlxalq elektron ticarət platformaları vasitəsilə xarici bazarlara çıxarılacaq.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “vergiler.az”a verilən məlumata görə, qeyd edilən məsələ “Azexport” portalının “Şirvan şərabları” və “Absheron Olive Garden” şirkətləri ilə keçirilən görüşündə müzakirə predmeti olub.
Görüşdə şirkətlərlə bu istiqamətdə görüləcək işlər nəzərdən keçirilib. Həmçinin bu məhsulların Amerika, Asiya və Körfəz ölkələrindən olan potensial alıcılara təqdim olunması üzrə müvafiq qeydlər götürülüb.
Qeyd edək ki, “Azexport” portalı Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması məqsədilə “Amazon”, “Alibaba”, “eBay”, “Aqroserver” kimi 15-dək beynəlxalq elektron ticarət platforması ilə əməkdaşlıq edir. Bu platformalarda “Azexport” vasitəsilə təmsil olunmaq istəyən sahibkarlar portala müraciət edə bilərlər. Portal tərəfindən təqdim olunan xidmətlər ödənişsizdir.