Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin (TRACECA) bəzi marşrutlarında CIM/SMGS elektron yük qaiməsinin tətbiqi sınaqdan keçiriləcək.
“vergiler.az” TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinə istinadən xəbər verir ki, pilot layihənin fəaliyyət planı Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkiyə və Ukraynanın nəqliyyat nazirliklərinin, dəmiryol operatorlarının, dəniz və liman operatorlarının, eləcə də gömrük orqanlarının nümayəndələrinin daxil olduğu işçi qrupun üzvləri tərəfindən müzakirə edilib.
Fəaliyyət planı çərçivəsində əsas aspektlərdən biri ilkin olaraq 2024-cü ilin əvvəlində dəmir yolu operatorları arasında sınaqdan keçiriləcək CIM/SMGS elektron sənədinin prototipinin hazırlanmasıdır. 2025-ci ilin əvvəlindən isə elektron yük qaiməsi digər gömrük orqanları və multimodal daşımalar həyata keçirən şirkətlər tərəfindən tətbiq oluna bilər.
Qeyd edək ki, 2022-ci ildə TRACECA-nın Azərbaycan hissəsində daşınan yüklərin həcmi 51 420,6 min ton, yük dövriyyəsi isə 12 648,9 milyon ton-km olub. 2021-ci illə müqayisədə müvafiq olaraq 29,8 faiz və 31,9 faiz artım müşahidə olunub.