Yaxın gələcəkdə Azərbaycanda Türkiyə modelinə uyğun texniki tənzimləmə sisteminin qurulması üçün birgə layihələrin hazırlanması müzakirə olunub.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “vergiler.az”a verilən məlumata görə, Türk Akkreditasiya Təşkilatının (TÜRKAK) nümayəndələri ilə keçirilən görüşdə Azərbaycanda akkreditasiya sisteminin müasir standartlara uyğunlaşdırılması, uyğunluğu qiymətləndirən qurumlara dair tələblərin formalaşdırılması və səlahiyyətlərin verilməsi məsələlərinə toxunulub.
Türkiyə Standartlaşdırma İnstitutunun nümayəndələri ilə görüşdə isə texniki reqlamentdən irəli gələn istinad standartların tətbiqi ilə bağlı əməkdaşlıq layihələri nəzərdən keçirilib, qarşılıqlı təcrübə mübadiləsi, qurumlar arasında texniki dəstək məsələləri müzakirə edilib.
Bundan əlavə, Dövlət Xidmətinin nümayəndələri keyfiyyət infrastrukturu sahəsində Türkiyənin təcrübəsinin öyrənilməsi məqsədilə Türkiyənin Ticarət Nazirliyinin aidiyyəti qurumları tərəfindən keçirilən seminarlarda iştirak edib.