“Azərtütün” ASC-nin özəlləşdirilməsi üzrə elan edilən investisiya müsabiqəsinin qalibi “Tabaterra Leaf” QSC üzərinə götürdüyü öhdəliklərin alqı-satqı müqaviləsində müəyyən edilmiş qaydada icrasını başa çatdırıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən “vergiler.az”a verilən məlumata görə, belə ki, dövlət büdcəsinə 6,4 milyon manat məbləğində vəsaitin köçürülməsi, ümumi həcmi 8,2 milyon manat təşkil edən İnvestisiya Proqramının icrası təmin edilib.
İnvestisiya Proqramına əsasən, müəssisədəki istehsal avadanlıqları əsaslı təmir olunub, yeni avadanlıqlar quraşdırılıb, tütün qəbulu məntəqələrində və emal zavodunda təmir-tikinti işləri aparılıb, nəqliyyat və texnika alınıb. Müəssisənin yenidən qurulması istehsal olunan tütün məhsullarının keyfiyyətinin artmasına və ixrac imkanlarının genişlənməsinə imkan verir. Yerli tütünün keyfiyyətinin artırılması isə onun ölkədə istehsal olunan yerli və beynəlxalq brend siqaretlərdə istifadəsini təmin edəcək və beləliklə, tütünün idxalından asılılığın azalmasına əhəmiyyətli təsir göstərəcək.
Müəssisədə 20 daimi, 150 mövsümi olmaqla 170 yeni iş yeri yaradılıb. Ümumilikdə, hazırda müəssisədə 130 nəfər daimi işçi çalışır, mövsümi işlərə 250 nəfər cəlb edilib. Müəssisədə orta aylıq əmək haqqı 700 manatdır. Şirkət tərəfindən 2021-ci ilə nisbətən 2022-ci ildə dövlət büdcəsinə ödənilən vergilər 135 faiz artaraq 500 min manat, sosial sığorta ödənişləri 70 faiz artaraq 420 min manat, işsizlikdən sığorta ayırmaları 85 faiz artaraq 17 min manat təşkil edib.