Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala 7148,3 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz çox vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən “vergiler.az”a verilən məlumata görə, neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 21,4 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 4,2 faiz artıb. İstifadə olunan vəsaitin 4322,9 milyon manatı və ya 60,5 faizi məhsul istehsalı sahələrinə, 2426,6 milyon manatı (33,9 faizi) xidmət sahələrinə, 398,8 milyon manatı (5,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilən vəsaitlərin 5208,9 milyon manatını və ya 72,9 faizini daxili vəsaitlər təşkil edib. Vəsaitlərin 5048,7 milyon manatı və ya 70,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 48,6 faiz, büdcə vəsaitləri 33,8 faiz, əhalinin şəxsi vəsaitləri 7,2 faiz, bank kreditləri 3,4 faiz, sair vəsaitlər isə 7 faiz təşkil edib.