Ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri açıqlanıb

2023.07.11 12:00 (UTC+04:00)

2023-cü ilin ikinci rübündə ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (30,7 faiz), ticarət, nəqliyyat vasitələrinin təmiri (14,4 faiz) və tikinti (10,2 faiz) olub.

vergiler.az” Azərbaycan Mərkəzi Bankının "Sahələrarası maliyyə axınlarının təhlilinə dair hesabat"ına istinadən xəbər verir ki, daxilolmalarda ötən ilin müvafiq dövrünə nəzərən artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahələri isə mədənçıxarma sənayesi (624,4 milyon manat artım) və nəqliyyat və anbar təsərrüfatı (547,9 milyon manat artım) sahələri olub.

Bütövlükdə rüb ərzində maliyyə axınları üzrə ötən ilin eyni dövrünə nəzərən 7 iqtisadi fəaliyyət sahəsində azalma, digərlərində isə artım qeydə alınıb. Ən çox artım nəqliyyat və anbar təsərrüfatı (70 faiz), elektrik enerjisi, qaz və buxar təchizatı (55 faiz) və peşə, elmi və texniki fəaliyyət (38 faiz) sahələrində olub. Ən çox azalma isə su təchizatı (-19 faiz), digər sahələrdə xidmətlərin göstərilməsi (-16 faiz) və maliyyə və sığorta fəaliyyəti (-15 faiz) sektorlarında müşahidə olunub.