Özbəkistanın Daşkənd vilayətinin Çirçik şəhərində yerləşən kənd təsərrüfatı texnikası klasteri sənaye kooperasiyasını genişləndirmək məqsədilə Azərbaycan və Qazaxıstanda kənd təsərrüfatı texnikasının yığılmasını təşkil etməyi planlaşdırır.
“vergiler.az” Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinə istinadən xəbər verir ki, tərəfdaşlarla danışıqlar artıq yekun mərhələdədir.
Klaster “Çirçik kənd təsərrüfatı texnikası zavodu” SC-nin nəzdində formalaşıb və “Daşkənd kənd təsərrüfatı maşınqayırma zavodu” SC, “Aqreqat zavodu” SC, “Texnoloq” SC, “Texnoloq-Stan” MMC və “Aqroprommaşinvest” MMC-nin istehsal güclərinin qismən köçürülməsi hesabına gücləndirilib.
Bu ilin yanvar ayında 15,5 hektar ərazidə dəyəri 65 milyon dollar təşkil edən “Daşkənd Traktor Zavodu” MMC-nin klasteri istifadəyə verilib. Müəssisənin illik istehsal gücü 15 min ədəd kənd təsərrüfatı texnikası, istehsal olunan məhsulların ümumi dəyəri isə 165 milyon dollar təşkil edir. İllik xalis gəlirin 16,5 milyon dollar olacağı gözlənilir.
Müəssisədə texnika istehsalı üçün avadanlıq və ehtiyat hissələrinin lokallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu gün məhsulların lokallaşma dərəcəsi 50 faizdir. Müəssisə Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Azərbaycana məhsul ixrac edir.