Azərbaycan “Səmərəli Enerji Keçidinin Təşviqi-2023” hesabatında irəliləyib

2023.07.04 16:53 (UTC+04:00)

Azərbaycan Dünya İqtisadi Forumunun 120 ölkənin dayanıqlı və səmərəli enerji sisteminə doğru irəliləmək üçün göstərdiyi səyləri qiymətləndirən “Səmərəli Enerji Keçidinin Təşviqi-2023” hesabatında 32-ci pilləyə irəliləyib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “vergiler.az”a verilən məlumata görə, hesabatda son 10 il ərzində ən yüksək irəliləyiş göstərən ölkələr sırasında olan Azərbaycanın iqtisadi inkişafla ekoloji dayanıqlılığın balanslaşdırılmasına sadiq olduğu vurğulanır.

Bildirilir ki, aparıcı enerji istehsalçısı olan Azərbaycan külək və günəş enerjisi kimi bərpa olunan mənbələrə əhəmiyyətli sərmayələr yatırmaqla, tükənən yanacaqlardan asılılığı azaltmaqla və enerji portfelini şaxələndirməklə öz nəhəng enerji resurslarından strateji şəkildə istifadə edir. Bütün bu səylər sayəsində Azərbaycan qlobal enerji təhlükəsizliyində əsas oyunçulardan birinə çevrilib.

Azərbaycan 2022-2023-cü illər arasında Enerji Keçid İndeksində ən yüksək irəliləyiş edən ölkələr sırasındadır ki, bu nailiyyət Enerji Keçid İndeksində qlobal orta göstəricini üstələyən Azərbaycanın enerji keçidinə fəal yanaşmasını əks etdirir.

Azərbaycan Səudiyyə Ərəbistanı və BƏƏ kimi digər əsas yanacaq ixracatçıları ilə birlikdə öz qaz ehtiyatları ilə səmərəli davranması nəticəsində enerji təhlükəsizliyində yüksək göstəriciyə malikdir.

Digər tərəfdən, Azərbaycan Çin, Vyetnam, Bosniya və Herseqovina kimi bərpa olunan enerjiyə ÜDM nisbətində ən çox investisiya yatıran ölkələr sırasındadır.

Əlavə olaraq, hesabatda qeyd edilir ki, Azərbaycan enerji keçidinə hazırlıq infrastrukturunun qurulması istiqamətində göstərdiyi güclü səylərə görə bu il reytinqlərdə əhəmiyyətli dərəcədə yüksəlib.