Bu ilin yanvar-may ayları ərzində ölkəyə 611,9 milyon dollar dəyərində 40,2 min ədəd nəqliyyat vasitəsi idxal edilib.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin eyni göstəricilərindən dəyər olaraq 65,6 faiz, say baxımından 40,4 faiz çoxdur.
İdxal edilən nəqliyyat vasitələrinin 14,6 faizini hibrid, 2 faizini isə yalnız elektrik mühərrikli nəqliyyat vasitələri təşkil edib. Ötən ilin yanvar-may aylarının göstəricilərinə nisbətdə avtomobil idxalının strukturunda hibrid avtomobillərin payı 3,1 faiz bəndi azalıb, elektromobillərin payı isə 1,6 faiz bəndi artıb.
Ümumilikdə cari ilin ilk beş ayında ölkəyə 125,5 milyon dollar dəyərində 5,8 min ədəd hibrid avtomobil idxal olunub ki, bu da 2022-ci ilin eyni göstəricilərindən dəyər olaraq 2,6 dəfə, say baxımından isə 15,8 faiz çoxdur.
Bununla yanaşı, hesabat dövründə 34,3 milyon dollarlıq 812 ədəd elektromobil idxal olunub. Bu isə ötən ilin yanvar-may aylarının göstəricilərini müvafiq olaraq 9 və 6,2 dəfə üstələyir.