SOCAR 2022-ci ili 9,42 milyard manat xalis mənfəətlə başa vurub

2023.06.25 17:40 (UTC+04:00)

2022-ci ilin yekunlarına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ümumi dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 53,8 faiz artaraq 119,23 milyard manata yüksəlib.

vergiler.az” şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il SOCAR-ın gəlirlərinin artmasına müəssisələrin daha səmərəli idarəedilməsi və inteqrasiyalı fəaliyyəti, rəqəmsal enerji texnologiyalarının yaratdığı əlavə dəyər, həmçinin dünya bazarında neft, qaz və neft-kimya məhsullarının qiymətlərinin yüksəlməsi səbəb olub.

Bu xüsusda, SOCAR gəlir marjasını 11,4 faizdən 12,3 faizə, xalis mənfəətini isə 346 faiz artıraraq 2022-ci ili 9,42 milyard manat xalis mənfəətlə başa vurub.

Gəlirin əsas hissəsi xam neft və neft məhsullarının satışından əldə edilib və müvafiq olaraq 60,6 faiz və 25,9 faiz artıb. Ən böyük artım isə 151 faiz ilə təbii qazın satışında qeydə alınıb.

Hesabat ilində SOCAR-ın cari aktivləri 39,6 faiz artaraq 33,43 milyard manata, ümumi aktivləri isə 16,5 faiz yüksələrək 80,84 milyard manata çatıb.

SOCAR-ın cəmi kapitalında və nağd pul vəsaitlərinin həcmində də artım tendensiyası müşahidə olunub. Belə ki, SOCAR-ın cəmi kapitalı 46,5 faiz artaraq 33,34 milyard manata, nağd pul vəsaitləri isə 38,6 faiz artaraq 12,49 milyard manata yüksəlib.