Azərbaycan nümayəndə heyəti Almaniyada kiçik və orta müəssisələrin fəaliyyəti ilə tanış olub

2023.06.23 16:36 (UTC+04:00)

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin benefisiarı olduğu “Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi” texniki yardım layihəsi çərçivəsində Almaniyanın Brandenburq vilayətinə təcrübə mübadiləsi məqsədilə səfər təşkil edilib.

İqtisadiyyat Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, səfərdə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, icra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.

Brandenburq vilayətinin İnfrastruktur və Ərazi Planlaşdırma, Kənd Təsərrüfatı, Ətraf Mühitin Mühafizəsi və İqlim nazirliklərində, eləcə də Turizm-Marketinq İdarəsində keçirilən görüşlərdə iqtisadiyyatda innovasiyaların təşviqi, yeni texnologiyaların tətbiqi, biznesin və kənd yerlərinin inkişafı üçün həyata keçirilən tədbirlər, kənd turizmi üzrə təcrübə və müxtəlif sahələrdə qabaqcıl yanaşmalar barədə müzakirələr aparılıb. Azərbaycan nümayəndə heyəti Brandenburq vilayətində kənd təsərrüfatı məhsullarının istehsalı və marketinqi üzrə ixtisaslaşan kiçik və orta müəssisələrin fəaliyyəti ilə tanış olub.

Qeyd edək ki, “Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi” layihəsinin məqsədi regional ərazi inkişaf planlaşdırma sisteminin təkmilləşdirilməsi, meyvə və tərəvəz istehsalı sahəsində müasir yerli iqtisadi və icma əməkdaşlıq mərkəzi şəbəkəsinin yaradılması, eləcə də sahibkarlıq və investisiya şərtlərinin yaxşılaşdırılması məqsədilə bu regionda rəqabət qabiliyyətinin və əlavə dəyərin artırılmasıdır.