May ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 277 min ədəd artaraq 14,74 milyonu ötüb.
“vergiler.az” Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18,6 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 17,3 faiz, kredit kartları üzrə 27,3 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 110 min, kredit kartları 424 min, digər kartlar isə 1,7 milyon ədəd artıb.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artıb. 2023-cü ilin may ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 3930 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 3097 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 826 milyon manatı POS-terminallar, 6 milyon manatı isə özünəxidmət terminallarının vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 52 faizini təşkil edib.