Çexiyaya məhsul ixracı 2,3 dəfədən çox artıb

2023.06.22 17:36 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanın Çexiya ilə ticarət dövriyyəsinin ümumi həcmi 237,5 milyon ABŞ dolları və ya 2,3 dəfədən çox artaraq 418,3 milyon dollar təşkil edib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk beş ayında Azərbaycandan Çexiyaya 382,19 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 220,25 milyon dollar və ya 2,3 dəfədən çox üstələyir.

Çexiyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 91,1 faiz və ya 17,2 milyon dollar artaraq 36,18 milyon dollar təşkil edib.

Cari ilin yanvar-may aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Çexiya ilə ticarətin payı 1,82 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 0,94 faiz bəndi çoxdur.