Türk İnvestisiya Fondunun investisiya layihələri müzakirə olunub

2023.06.22 16:12 (UTC+04:00)

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Türk İnvestisiya Fondunun Prezidenti Bağdad Amreyevlə görüşüb.

Nazirlikdən “vergiler.az”a verilən məlumata görə, tərəflər Türk İnvestisiya Fondunun fəaliyyət mexanizmi, Fondun investisiya layihələrinin prioritet istiqamətləri, sərmayələrin stimullaşdırılması imkanları, bu yöndə atılacaq addımları müzakirə ediblər. Görüşdə həmçinin digər fondlar və beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq məsələləri, onların təcrübəsindən, həmçinin Azərbaycanın bu sahədə mövcud təcrübəsindən yararlanmaq təklif edilib.

Qeyd edək ki, Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı Saziş 16 mart 2023-cü il tarixində Ankarada keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının fövqəladə Zirvə Görüşündə imzalanıb. Fond öz fəaliyyətini həyata keçirərkən regiondaxili ticarətin təşviqinə kömək etmək, xüsusilə mikro, kiçik və orta müəssisələrin layihələrini maliyyələşdirmək məqsədilə “yaşıl” iqtisadiyyata keçidin dəstəklənməsinə yönəlmiş layihələrə üstünlük verir.