Bələdiyyə vergilərinin hesablanması, güzətlərin və azadolmaların tətbiqi ilə bağlı yaranan suallara “vergiler.az” üçün sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.
27 dekabr 2001-ci il tarixli 244-IIQ nömrəli “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 8-ci maddəsinə əsasən, yerli vergilərə aşağıdakılar aiddir:
- Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin əmlak vergisi;
- Bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi.
Konkret hansı fiziki şəxslərə torpaq və əmlak vergisi tətbiq edilir?
Bələdiyyələr fiziki şəxslərdən (vətəndaşlardan) binalara (evlərə), su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini tələb edə bilərlər və fiziki şəxslər həmin vergini bələdiyyəyə ödəməlidirlər.
Bələdiyyələr fiziki şəxslərlərdən (vətəndaşlardan) müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilməklə tələb edir. Fiziki şəxslər isə bələdiyyələr tərəfindən təqdim edilmiş tədiyə bildirişlərinə əsasən vergini bələdiyyəyə ödəyirlər.
Bələdiyyələrin fiziki şəxslərlərdən (vətəndaşlardan) sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı, yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlarlar üzrə müvafiq dərəclərlə torpaq vergisini tələb etmək hüququ vardır.
Bundan əlavə, Nazirlər Kabineti tərəfindən kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla, şərti ballar müəyyənləşdirilir.
Bəs yerli ödənişlər nələri əhatə edir?
“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 9-cu maddəsinə əsasən, yerli ödənişlərə aşağıdakılar aiddir:
- bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödəniş;
- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş;
- bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş;
- bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş. Bu ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir;
- bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş. Bu ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla müəyyən edilir.
- qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyələr yerli əhəmiyyətli proqramların maliyyələşdirilməsi üçün yerli rəy sorğusunun nəticəsinə əsasən hüquqi və fiziki şəxslərin sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilən könüllü birdəfəlik ödənişlər tətbiq edə bilər. Bu ödənişlərdən yalnız təyinatı üzrə istifadə olunmalıdır.
Bir çox hallarda bələdiyyələr hüquqi şəxslərə (bələdiyyə mülkiyyətində olmayan) torpaq vergisinin ödənilməsi ilə bağlı məktublar təqdim edir. Bu, qeyri-qanunidir.
Yuxarıda açıqladığımız kimi, bələdiyyələr ancaq fiziki şəxslərdən, yəni vətəndaşlardan torpaq vergisini tələb edə bilərlər. Hüquqi şəxslərin torpaq sahələri olduğu halda belə, bələdiyyənin onlardan torpaq vergisi tələb etmək hüququ yoxudr. Bu hallarda torpaq vergisi vergi orqanları tərəfindən hesablanılır və yığılır.
Bələdiyyə vergiləri və yığımları üzrə vətəndaşlara güzəşt və ya azadolma tətbiq olunurmu?
“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, bələdiyyələr vergi qanunvericiliyinə uyğun olaraq vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını vergidən tam və ya qismən azad edilməsi, vergi dərəcələrinin aşağı salınması barədə qərar qəbul edə bilərlər.
Bununla yanaşı, Vergi Məcəlləsinin özündə də torpaq və əmlak vergiləri ilə bağlı güzəştlər nəzərdə tutulur.
Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən, vətəndaşların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə müvafiq vergi dərəcələri tətbiq olunur. Bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilir. Yəni yaşayış sahələrinə görə bələdiyyələr əmlak vergisini hesablayan zaman hesablanmış vergini 30 manat azaldırlar. Ancaq bu güzəşt qeyri-yaşayış sahələrinə tətbiq edilmir.
Vergi Məcəllənin 199.3.-cü maddəsində isə göstərilib ki, bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat azaldılır.
Məcəllənin 207.2.-ci maddəsinə əsasən, bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, yəni:
- Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının;
- Azərbaycanın Milli Qəhrəmanlarının;
- Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;
- həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının;
- 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin;
- qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;
- Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır.
Misal. Tutaq ki, fiziki şəxsin 100m2 yaşayış binası, 50m2 qeyri-yaşayış binası, 1 ha torpaq sahəsi vardır və o, pensiyaçıdır. Bu halda, birinci güzət olaraq, 30 m2 yaşayış sahəsi üçün əmlak vergisi tutulmayacaq:
100 - 30 = 70m2
70 + 50 = 120m2
Cəmi 120m2 üçün əmlak vergisi hesablanacaq. Vətəndaş pensiyaçı olduğuna görə hesablanan əmlak vegisinə ikinci güzəşt tətbiq edilərək məbləğ 30 manat azaldılacaq. Torpaq vergisinə görə isə güzəşt verilməyəcək. Çünki Vergi Məcəlləsinin 207.2-ci maddəsində pensiyaçılara güzəşt nəzərdə tutulmayıb.
Bələdiyyələrin özləri vergi güzəştlərini necə verə bilərlər?
Yuxarıda qeyd etdik ki, bələdiyyələr vergi qanunvericiliyinə uyğun olaraq vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını vergidən tam və ya qismən azad etmək, vergi dərəcələrini aşağı salmaq barədə qərar qəbul edə bilərlər. Qeyd edək ki, bələdiyyələr bu güzəştləri və ya azadedilmələri Vergi Məcəlləsində göstərilmiş vergilərə tətbiq edilə bilər.
“Bələdiyyələrin statusu haqqında” Qanunun 43-cü maddəsində göstərilib ki, yerli vergiləri, ödənişləri, habelə onların ödənilməsi üzrə güzəştləri bələdiyyələr Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və qanunlarına uyğun müəyyənləşdirirlər. Yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır. Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir.
Son olaraq qeyd edək ki, güzəşt tətbiq edilən kateqoriyaların siyahısı birbaşa konkret qanunvericlik ilə müəyyənləşdirilməyib, onları bələdiyyələr özləri müəyyənləşdirir. Güzəşt və azadedilmələr barədə qararlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir.
Güzəşt və azadolmaları qəbul edən bələdiyyələr ildə bir dəfə hesabatlarını vətəndaşlara açıqlamalıdırlar.