MDB-yə üzv ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 28 faizdən çox artıb

2023.06.08 17:19 (UTC+04:00)

Azərbaycan Respublikası MDB çərçivəsində hökumətlər səviyyəsində qarşılıqlı faydalı tərəfdaşlığa və səmərəli əlaqələrin davam etdirilməsinə böyük əhəmiyyət verir.

vergiler.az” Nazirlər Kabinetinin yaydığı məlumata istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov iyunun 8-də Soçidə keçirilən MDB Hökumət Başçıları Şurasının iclasında çıxış edərkən deyib.

Ə.Əsədov qeyd edib ki, 2022-ci ilin yekunlarına görə, Azərbaycanın MDB-yə üzv ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 28 faizdən çox artıb: “Müsbət dinamika cari ildə də müşahidə olunur. İlk dörd ayda biz qarşılıqlı ticarəti 22 faiz artırmağa nail olmuşuq”.

Baş nazir əlavə edib ki, Azərbaycan regionda əsas nəqliyyat qovşağı kimi, nəqliyyat-logistika infrastrukturunu daim təkmilləşdirir. Ölkəmiz MDB üzrə tərəfdaşlarının ehtiyacları üçün yükdaşımaların artan həcmini təmin etməkdən ötrü öz potensialından daha intensiv istifadə etməyə hazırdır.

İclasda Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının mühümlüyü qeyd edilib.

MDB dövlətlərinin alternativ enerji mənbələrinin inkişafında əməkdaşlığa artan marağı nəzərə alınmaqla, Hökumət Başçıları Şurasının diqqəti Azərbaycanda bu sahədə görülən işlərə yönəldilib.

“Bu istiqamətdə aparılan işlər çərçivəsində dünyanın aparıcı şirkətləri ilə birgə artıq bir sıra iri layihələr icra olunur”, - deyə Ə.Əsədov əlavə edib.

Nümayəndə heyətləri rəhbərlərinin çıxışlarından sonra MDB Hökumət Başçıları Şurası işini geniş tərkibdə davam etdirib.

İclasın yekunlarına əsasən, Birlik çərçivəsində əməkdaşlığın gələcəkdə genişləndirilməsi ilə bağlı bir sıra sənədlər imzalanıb.