Mərkəzi Asiya regionunun böyük potensiala malik tranzit imkanları inkişaf etdirilməlidir

2023.06.08 14:50 (UTC+04:00)

Transxəzər Nəqliyyat Marşrutundan (Orta Dəhliz) istifadə Mərkəzi Asiya bazarlarının inteqrasiyasına gətirib çıxaracaq.

vergiler.az” Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Qlobal Əlaqələr Katibliyinin Avrasiya şöbəsinin rəhbəri Uilyam Tomson iyunun 8-də Astana Beynəlxalq Forumu çərçivəsində keçirilən “Mərkəzi Asiya Əlaqələri xəritəsinin yaradılması” panel sessiyasında deyib.

Onun sözlərinə görə, Xəzər dənizindən keçən, oradan da Azərbaycan, Gürcüstan və Türkiyəyə gedən marşrut iqtisadi baxımdan qonşu ölkələrə də təsir edir.

“Araşdırmamız ticarəti yaradan inklüzivliyin vacibliyini göstərdi. Mərkəzi Asiya regionunda iqtisadi, marketinq inteqrasiyası, bazarların inteqrasiyası, eləcə də regionun böyük potensiala malik tranzit imkanları inkişaf etdirilməlidir. Bunu nəzərə almasaq, ticarəti inkişaf etdirə bilməyəcəyik ”, - deyə o bildirib.

U.Tomsonun fikrincə, həm Xəzərin, həm də Qara dənizin potensialını unutmaq olmaz. Dövlətlər arasında müəyyən koordinasiya, razılaşmalar, eləcə də bütün bunları əlaqələndirəcək bir qurum olmalıdır.