İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və ABŞ-ın “Coursera” şirkətinin nümayəndələri arasında görüş keçirilib.
Mərkəzdən “vergiler.az”a verilən məlumata görə, görüşdə Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsindəki ixtisaslar üzrə bilik və bacarıqlarını artırmaq istəyən şəxslərə “Coursera” onlayn tədris platforması üzərindən ödənişsiz əsaslarla kursların təşkili layihəsinin təqdimatı keçirilib. Tədbirdə şirkət tərəfindən layihənin müddəti, seçim prosesi, tədris olunacaq dərslər və digər məsələlər barədə məlumat verilib, müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.
Sonra 4SİM və “Coursera” şirkəti arasında Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində 1 il ərzində ödənişsiz kursların keçirilməsinə dair müqavilə imzalanıb.
Layihə üzrə aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində proqramlaşdırma, Süni İntellekt, Böyük Verilənlər (Big Data), maşın öyrənməsi, blokçeyn və bulud texnologiyaları, həmçinin liderlik, kommunikasiya və ingilis dili bacarıqları da daxil olmaqla, ümumilikdə 89 sub-kateqoriya üzrə kurslardan faydalanmaq imkanının yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, dünya üzrə 113 milyondan artıq aktiv istifadəçisi olan “Coursera” onlayn təhsil platformasının əsası 2012-ci ildə ABŞ-ın Stendford Universiteti tərəfindən qoyulub. Dünyanın bir sıra dövlətləri ilə əməkdaşlıq edən “Coursera” şirkəti müxtəlif kateqoriyalar üzrə 7 mindən çox onlayn kurs təklif edir.