Azərbaycan və Slovakiya ikiqat vergitutmanın aradan qaldırılması haqqında Saziş imzalayıblar

2023.06.08 11:29 (UTC+04:00)

İyunun 7-də Slovakiya Respublikasının Bratislava şəhərində “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” imzalanıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, Sazişi Azərbaycan tərəfdən xarici işlər naziri Ceyhun Bayramov, Slovakiya tərəfdən xarici işlər və Avropa məsələləri üzrə naziri Miroslav Vlaxovski imzalayıblar.

İmzalanan Saziş həm Azərbaycan, həm də Slovakiya sərmayəçilərinə əlverişli şəraitin yaradılmasına və xarici iqtisadi fəaliyyətin təşviq edilməsi üçün böyük əhəmiyyət kəsb edəcək. Eyni zamanda, Saziş hər iki ölkənin vergi orqanları arasında vergilərdən yayınmanın qarşısının alınması sahəsində əməkdaşlıq və məlumat mübadiləsinin təşkil edilməsini təmin edəcək.