Nazirlər Kabinetinin Qərarı ilə “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi Qaydası” təsdiq edilib. Yeni qayda işğaldan azad edilmiş ərazilərdə dövlət büdcəsindən maliyyə yardımının ödənilməsi ilə bağlı hüquqi və təşkilati məsələləri tənzimləyir.
Qərarı “vergiler.az”a şərh edən iqtisadçı Eldəniz Əmirov bunun sahibkarlar üçün çox vacib olduğunu vurğulayıb. O, vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri ilə yanaşı, məşğulluğun təmin olunması da mühümdür.
“Bunun üçün mütləq həmin bölgələrdə sahibkarlıq fəaliyyətinin yaradılması və inkişaf etdirilməsi zəruridir. Ona görə də Vergi Məcəlləsində həmin ərazilərdə iqtisadi fəaliyyətin təmin olunması üçün bir sıra güzəştlər nəzərdə tutulur. Onlardan biri də işğaldan azad edilmiş ərazilərin rezidentlərinin 2023-cü il yanvarın 1-dən 10 il müddətinə əmlak, torpaq, mənfəət, gəlir, sadələşdirilmiş və əlavə dəyər vergilərindən azad edilməsidir.”, - E.Əmirov qeyd edib.
E.Əmirov sahibkarlara kommunal xidmətlərə görə güzəştlərin verilməsi ilə bağlı Prezidentin Nazirlər Kabinetinə xüsusi tapşırığının olduğunu xatırladıb. “Yəni dövlət tərəfindən bütün mümkün variantlara əl atılır ki, sahibkarlar həmin ərazilərdə fəaliyyət göstərməkdə maraqlı olsunlar. Nəzərə alsaq ki, vətəndaşlar təbii qaz, su, elektrik enerjisi sərfiyyatı üçün xərcləri fərqli tariflərlə ödəyirlər. Sahibkarlar üçünsə həmin tariflər daha yüksəkdir. Buna görə də bu tip güzəştlər birmənalı olaraq sahibkarlar üçün çox əhəmiyyətlidir”.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may tarixli 2131 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi daşıyır.