İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkında ilk dəfə olaraq məhsul yığımına başlanılıb.
Agentlikdən “vergiler.az”a verilən məlumata görə, məhsul yığımı aqroparkın ilk rezidenti “İSFA” MMC-nin təsərrüfatında aparılır. Müəssisənin əkin sahəsinin 40 hektarını meyvə bağları, 20 hektarını isə tingçilik təsərrüfatı təşkil edir. Meyvə bağının 8 hektarında ərik, 16 hektarında isə şaftalı və nektarin ağacları əkilib. Hazırda təsərrüfat sahəsində “Perfect red” ərik sortunun, “Plagold 11” şaftalı sortunun, “Gartairo nektarin” çeşidinin yığımı həyata keçirilir.
Bundan başqa, hazırda “İSFA”-nın tingçilik təsərrüfatının 10 hektarında gilasın 15, şaftalı və nektarinin 23, badamın 7, almanın 6, xurmanın 2, əriyin 4, gavalının 5, alçanın 3, armudun 2, qozun 2 çeşidi yetişdirilir.
Müəssisə tərəfindən aqroparka bugünədək 1 milyon manatdan çox investisiya yatırılıb.
Qeyd edək ki, Pilot Aqroparkda ümumi investisiya həcmi 26 milyon manatdan çox olan 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və hazırda rezidentlər tərəfindən 130 hektardan çox ərazidə əkin işləri aparılıb. Bunun da 102 hektarını meyvə bağları, 20 hektarını tərəvəz, 10 hektarını isə tingçilik təşkil edir.
Aqroparkın ümumi ərazisi 2855 hektar təşkil edir, bunun da 1187 hektarlıq hissəsini parsellərə bölünən sahələr, 1297 hektarını 3000 başlıq ətlik istiqamətli heyvandarlıq kompleksinin yem təminatı zonası, şəkər çuğunduru, pivəlik arpa və pambıqçılıq sahəsi, 141 hektarını isə emal və sosial zona təşkil edəcək.
Layihələrin reallaşması nəticəsində 90 nəfərlik daimi, 192 nəfərlik isə mövsümi iş yeri yaradılacaq.