Hansı malların təqdim olunması vergi hesablanmasına əsas vermir?

2023.06.07 09:47 (UTC+04:00)

Mövzunu “vergiler.az”a “Business Service Centre” şirkətinin Maliyyə və Mühasibat işləri üzrə layihə rəhbəri Nahid İbrahim şərh edir.

Vergi Məcəlləsinin 102.1.7.maddəsinə əsasən, qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan, habelə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən malların vergi ödəyicilərinə təqdim edilməsindən (kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının təqdim edilməsi istisna olmaqla) başqa, daşınan maddi əmlakın təqdim edilməsinə görə gəlir vergisindən azadolma tətbiq edilir.

Misal 1. Vergi ödəyicisi olmayan şəxs istifadə etdiyi şəxsi avadanlığı vergi ödəyicisinə təqdim edir, proses elektron alış aktı ilə rəsmiləşdirilir. Bu halda vergi ödəyicisi ödəmə mənbəyində vergiyə cəlb olunmur və vətəndaşın vergi uçotuna alınması tələb edilmir.

Qeyd edək ki, vergi ödəyicisi ona təqdim edilən əmlakın vətəndaşa aid olması ilə bağlı mülkiyyət sənədi tələb edə bilər.