Saratovdan ölkəmizə 116,3 min ton ərzaqlıq buğda tədarük edilib

2023.06.06 17:27 (UTC+04:00)

İlin əvvəlindən etibarən Rusiyanın Saratov vilayətindən Azərbaycana 116,3 min ton ərzaqlıq buğda ixrac edilib.

"vergiler.az" Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir ki, Azərbaycan regiondan taxıl məhsulları idxal edən beş əsas ölkədən biridir.

Ümumilikdə, ilin əvvəlindən Saratov vilayətindən 315,8 min ton dənli, paxlalı, yağlı və texniki bitkilər, o cümlədən 44,3 min ton taxıl emalı məhsulları ixrac edilib.

Ən çox məhsul tədarükləri Qazaxıstanın - 130,6 min ton (buğda, zəfəran, noxud, un), Azərbaycanın - 116,3 min ton (ərzaqlıq buğda), İranın - 28,1 min ton (yemlik qarğıdalı), Latviyanın - 25,6 min ton (yem) və Əfqanıstanın - 14,9 min ton (ərzaqlıq buğda və noxud) payına düşüb.

Ümumilikdə Saratov vilayətindən 29 ölkəyə ixrac əməliyyatları həyata keçirilib.