Engin Özer: “Azərbaycandan Türkiyəyə yatırılan investisiyaların həcmi sürətlə artır”

2023.06.02 10:10 (UTC+04:00)

Ticarət və tranzit sahəsində Azərbaycan-Türkiyə əlaqələri 2022-ci ildə rekord səviyyəyə çatıb. İki ölkə arasında iqtisadi inteqrasiya dərinləşir, ticarət dövriyyəsinin artırılması üçün bütün maneələr aradan qaldırılır.

vergiler.az”a bu barədə açıqlama verən türkiyəli ekspert, Ankara-Moskva ekspert və analitik şəbəkəsinin aparıcı nümayəndəsi Engin Özer deyib: “Azərbaycandan Türkiyəyə qoyulan investisiyalar sürətlə artır. Məsələn, SOCAR Holdinq İzmir şəhərinə çoxlu sərmayə yatırıb. Artıq orada emal müəssisələri fəaliyyət göstərir. Bundan başqa, Azərbaycanın işğaldan azad edilmiş rayonlarında yenidənqurma işlərinə Türkiyə sərmayələri qoyulur. Füzuli aeroportunun tikintisi buna nümunədir. Hər şey plan üzrə gedir”.

Onun sözlərinə görə, Türkiyə Avropa İttifaqı üçün etibarlı tranzit zonasıdır, Azərbaycan isə sadiq neft və qaz tədarükçüsüdür.

“Artıq Liviyada neft hasilatı ilə məşğul olan Türkiyə-Azərbaycan konsorsiumu fəaliyyət göstərir. Bu tərəfdaşlığa Afrika ölkələri də daxil ola bilər. Azərbaycanın bu sahədə böyük təcrübəsi var. Öz növbəsində Türkiyə də Azərbaycan şirkətlərinin işləyə bilməsi üçün Afrikadakı əlaqələrindən istifadə edə bilər”, - Engin Özer deyib.

Onun sözlərinə görə, Azərbaycanda günəş panellərinin hazırlanmasında da hər cür üstünlüklər var.

“Bu sahədə də ölkələrimiz fəal əməkdaşlıq edə bilər, çünki rəsmi Bakının kapitalı, rəsmi Ankaranın isə böyük təcrübəsi və Avropa bazarlarına çıxışı var. Bundan əlavə, Azərbaycan şirkətləri Türkiyədə də enerji istehsal edə bilər.

Bu gün Türkiyə bazarı Azərbaycan şirkətləri üçün böyük maraq doğurur. Türk lirəsi ucuzlaşdığı üçün burada ucuz işçi qüvvəsi, keyfiyyətli məhsul və Avropa bazarına asan çıxış var. Ölkələrimiz arasında dil maneəsi yoxdur və bizi oxşar mentalitet birləşdirir”, - Engin Özer deyib.

Tamilla MƏMMƏDOVA