Mayın 31-də respublikanın müxtəlif bölgələrində güclü küləklə müşayiət olunan leysan yağışları və qasırğa nəticəsində kənd təsərrüfatı sahələrinə də ciddi ziyan dəyib.
Kənd Təsərrüfatı Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, ötən gün baş verən hadisələrlə bağlı Çağrı Mərkəzinə müraciətlər hələ də daxil olmaqdadır.
Hadisələrlə bağlı müstəqil aqrar sığorta ekspertləri bölgələrə ezam olunublar. Hazırda dəymiş zərərin ilkin qiymətləndirilməsi prosesi davam edir. Biçindən öncə aparılacaq yekun qiymətləndirmədən sonra fermerlərə dəyən zərərlər ödəniləcək.
Qeyd edək ki, respublika ərazisində havaların qeyri-sabit keçməsi nəticəsində aprel ayından başlayaraq kənd təsərrüfatı sahələrinə dəymiş zərərlə bağlı müraciətlər artıb. Təkcə may ayında 1651 Çağrı Mərkəzinə 42 rayondan 337 müraciət daxil olub. Ümumiyyətlə, ilin əvvəlindən 1651 Çağrı Mərkəzinə kənd təsərrüfatı sahələrinə dəymiş zərərlə bağlı 700-ə yaxın müraciət daxil olub.