Mebel istehsalında müsbət dinamika var

2023.06.01 15:00 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında ölkəyə 45 326,88 min ABŞ dolları dəyərində mebel və onun hissələri idxal olunub.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri 2022-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 14 432,52 min dollar və ya 46,7 faiz artıb.

Cari ilin mart ayı ilə müqayisədə isə apreldə sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 2 899,79 min dollar və ya 18,4 faiz azalıb. Apreldə ölkəyə 12,883.85 min dollar dəyərində mebel məhsulları idxal olunub.

Qeyd edək ki, cari ilin ilk dörd ayında bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,86 faizə bərabər olub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə bu ilin yanvar-aprel aylarında ölkədə 74,9 milyon manat dəyərində mebel istehsal edilib. Bu, bir il öncəki müvafiq göstəricini 15,2 faiz və ya 9,9 milyon manat üstələyir.