Sahibkar Seymur Məmmədov: “Azərbaycan əcnəbilər üçün işləmək və vergi ödəmək baxımından cazibədar ölkədir”

2023.06.01 10:27 (UTC+04:00)

Azərbaycanda bu ildən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış, texnologiyalar parkı ilə yanaşı, parkdan kənarda fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər də texnologiya parkının rezidenti sayılırlar. Bu yenilik şirkətlər üçün əlavə üstünlüklər yaradır. Texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənarda sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi bu il yanvarın 1-dən 3 il müddətində məbləğ 8 min manata qədər olduqda 0%, 8 min manatdan çox olduqda 5%, 2026-cı il yanvarın 1-dən isə 7 il müddətində 5% dərəcə ilə tutulacaq. Belə şəxslər tərəfindən ödənilən dividenddən texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı ildən başlayaraq 10 il müddətinə ödəmə mənbəyində vergi tutulmayacaq.

Qanunvericilikdəki dəyişiklik “Simbrella” şirkətinin fəaliyyətini də əhatə edir. İnformasiya texnologiyaları üzrə həllər təqdim edən şirkətin müştəriləri mobil operatorlar və maliyyə sektorunda fəaliyyət göstərən qurumlardır. “Simbrella”nın əsas ofisi Bakıda olsa da, şirkət 15-dən çox ölkədə xidmət göstərir.

“Fəaliyyətimizin coğrafiyası kifayət qədər genişdir. Hətta Uzaq Şərqdə, Cənubi Amerikada da fəaliyyət göstəririk. Bəzi ölkələrdə yerli partnyorumuzla birlikdə şirkət təsis etmişik, bəzi ölkələrdə bağladığımız müqavilələr çərçivəsində Azərbaycan şirkəti kimi xidmət göstəririk”, - şirkətin təsisçisi və baş icraçı direktoru Seymur Məmmədov “vergiler.az”a müsahibəsində deyib.

Texnologiyalar parkından kənarda fəaliyyət göstərən “Simbrella” bu il fevralın 28-də Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti kimi qeydiyyata alınıb: “Texnopark rezidentinə uyğun gələn fəaliyyətlə məşğul olmaq üçün mütləq şəkildə texnoparkın ərazisində yerləşməyə ehtiyac yoxdur. Fəaliyyət texnoparka uyğun gəldiyi üçün bütün texnopark rezidentlərinə şamil olunan güzəştlər bizə də şamil olunur. Fevralın sonunda əldə etdiyimiz şəhadətnamə bizə çoxsaylı güzəştlərdən istifadə etmək imkanı verir. Biz artıq o güzəştlərdən yararlanmağa, onun faydasını hiss etməyə başlamışıq və gələcəkdə daha çox hiss edəcəyik”.

S.Məmmədov qeyd edib ki, yeni güzəştlər onlara işçilərinin əməkhaqqını artırmağa da imkan verir: “İnformasiya texnologiyaları bazarında mütəxəssislərin maaşları kifayət qədər yüksək olur. Yerli şirkətlər isə yüksək maaş verməyə çətinlik çəkirlər. Biz güzəştlərdən istifadə edərək mütəxəssislərimizin maaşlarını artıra bilirik. Dövlətin verdiyi güzəşt sayəsində indi işçilər daha yüksək əməkhaqqı ala bilirlər”.

Sahibkar əlavə edib ki, artıq xarici vətəndaşların da işə qəbulu prosesində böyük güzəştlər tətbiq edilir. Miqrasiya Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, texnologiyalar parkının rezidentinə (hüquqi şəxsə münasibətdə onun rəhbəri və müavinləri vəzifəsini tutanlar) və həmin rezidentin ölkə ərazisində əmək fəaliyyətinə cəlb etdiyi informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislərə Azərbaycanda müvəqqəti yaşamaq icazəsi verilir: “Biz artıq onların işə götürülməsi üçün Dövlət Miqrasiya Xidmətindən iş icazəsi almamalıyıq. İstədiyimiz xarici ölkə vətəndaşını işə götürə bilirik”.

Gəlir, divident vergilərində, idxal olunan avadanlıqlara aid ƏDV-də güzəştlərin tətbiq edildiyini xatırladan sahibkar qeyd edib ki, bu güzəştlərin hesabına qənaət edilən vəsaitlər şirkətə gələcəkdə öz fəaliyyətini genişləndirməyə imkan yaradacaq.

İnformasiya texnologiyaları sektoru üzrə təhsilin məzmun və keyfiyyətinin güclənməsini vacib sayan S.Məmmədov bu sahədə kadr hazırlayan təhsil müəssisələrinin sayının artırılmasına ehtiyacın olduğunu düşünür.

S.Məmmədov qeyd edib ki, bu ildən tətbiq edilən güzəştlər ölkəmizdə informasiya texnologiyaları sahəsində fəaliyyət üçün geniş imkanlar yaradıb: “Biz bu güzəştlərin bəhrələrini gələn il daha yaxşı görə biləcəyik. İndi Azərbaycan yalnız yerli vətəndaşlar üçün deyil, xarici vətəndaşlar üçün də işləmək və vergi ödəmək baxımından kifayət qədər cazibədar ölkə olub”.

İlhamə İSABALAYEVA