Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından məlumatlar daxil olduğu halda kameral vergi yoxlamasının müddəti necə tənzimlənir? “vergiler.az”ın sualını “Business Service Centre” şirkətinin maliyyə və mühasibat işləri üzrə layihə rəhbəri Ramin Mahmudzadə aydınlaşdırır.
Vergi Məcəlləsinə 1 yanvar 2023-cü il tarixindən qüvvəyə minmiş dəyişiklikdən biri xaricdən əldə olunan gəlirlərlə bağlıdır. Məcəllənin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Həmin müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.
Öncə maddənin ilk cümləsindəki 60 iş günü müddətinin hansı bəyannamələrə aid olduğunu misallarla izah edək.
Misal 1: “A” müəssisəsi 2022-ci ili əhatə edən mənfəət bəyannaməsini 20 fevral 2023-cü il tarixində təqdim edib. Bu halda vergi orqanı bəyannamənin təqdim edildiyi tarixdən 60 iş günü müddətində kameral vergi yoxlaması keçirəcək. Burada diqqət olunmalı məqam odur ki, kameral yoxlamanın müddəti bəyannamənin təqdim edildiyi tarixdən hesablanacaq və müddət başa çatdıqdan sonra yenidən kameral yoxlama həyata keçirə bilməz. Lakin bu o demək deyil ki, müddət başa çatdıqdan sonra vergi orqanının hər hansı sənəd və məlumat tələb etmək hüququ yoxdur. Vergi Məcəlləsinin 37.2-1-ci maddəsində qeyd edildiyi kimi, 72.5-ci maddəyə uyğun olaraq 5 iş günü müddətində dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsini tələb edilə bilər.
Kameral yoxlama zamanı (60 iş günü başa çatmamış) “A” müəssisəsinə vergi orqanı tərəfindən 1 mart 2023-cü ildə kameral uyğunsuzluq məktubu daxil olduğu və buna uyğun olaraq müəssisə tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edildiyi halda yenidən növbəti 60 iş günü ərzində vergi orqanı kameral qaydada yoxlama keçirir. Göründüyü kimi, bu müddət mənfəət və gəlir bəyannamələrinə aid edilir.
Müəssisə tərəfindən təqdim edilən cari vergi ödəmələrinin hesablanması haqqında arayış verildikdə kameral vergi yoxlaması 30 iş günü müddətində keçirilir. Burada vergi ödəyicisinin cari vergi ödəmələrinin hesablanması üçün hansı üsulu seçməsindən asılı olaraq diqqət ediləsi bir neçə məqam vardır.
Misal 2. “A” müəssisəsi 31 mart 2023-cü ildə 2022-ci ili əhatə edən mənfəət vergi bəyannaməsini təqdim edir və vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərinə uyğun kameral yoxlama keçirilir. Bu dövr 2023-cü ilin ilk rübünü əhatə etdiyi üçün vergi ödəyicisi tərəfindən, Vergi Məcəlləsinin 151.1 maddəsinə əsasən, cari vergi ödəməsi edilir. Məcəllənin 151.1-ci maddəsi ötən ilin maliyyə nəticəsinin ¼ hissəsini əhatə etdiyi üçün burada vergi orqanı tərəfindən hər hansı kameral yoxlamanın aparılmasına ehtiyac qalmır.
Vergi ödəyicisi Məcəllənin 151.2-ci və 151.5-ci maddənin tələblərinə uyğun olaraq cari vergi ödəmələri haqqında arayışı vergi orqanına təqdim etdiyi tarixdən 30 iş günü müddətində kameral qaydada yoxlama aparılır.
Vergi Məcəlləsinin 37.2 maddəsinə 1 yanvar 2023-cü il tarixindən edilmiş dəyişikliyə əsasən, xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda, vergi orqanı tərəfindən kameral yoxlamanın müddəti bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müəyyən edilib.
Vergi Məcəlləsinin 85.4-cü maddəsində göstərilib ki, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər.
Maddədən aydın olur ki, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi bəyannaməsində vergi öhdəlikləri düzgün göstərilmədikdə və ya əksik göstərildikdə bəyannamə, zəruri şərtlər nəzərə alınmaqla növbəti 90 iş günü ərzində vergi orqanı tərəfindən kameral qaydada yoxlanılır. Burada diqqət ediləsi məqamlardan biri budur ki, vergi orqanı tərəfindən xaricdən daxil olan məlumatlar əsasında aparılan yoxlamalar, yoxlama haqqında qərarın qəbul edildiyi tarixdən əvvəlki 5 ili əhatə edir və yoxlamanın nəticələri haqqında qərardan sonra vergi ödəyicisi tərəfindən təqdim edilən hesabatın vergi orqanı tərəfindən yoxlanılması da eyni qaydada, Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbinə uyğun olaraq növbəti 90 iş günü ərzində keçirilir.