Sabahdan daşınmaz əmlakla bağlı sığorta şəhadətnamələri elektronlaşır

2023.05.31 15:50 (UTC+04:00)

1 iyun 2023-cü il tarixindən “Daşınmaz əmlakın icbari sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növləri üzrə sığorta şəhadətnamələri elektron qaydada tərtib olunacaq. “vergiler.az” xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosunun açıqlamasında deyilir.

Məlumata görə, şəhadətnamələr sığorta şirkətləri tərəfindən təsdiq ediləcək və elektron vasitələrlə imzalanacaq. Ödəniş kodu sığortalıya SMS vasitəsi ilə göndərildikdən sonra Hökümət Ödəniş Portalı vasitəsi ilə sığorta haqqının ödənişi təmin edilməlidir. Ödənişin həyata keçirilməsindən sonra şəhadətnamə qüvvəyə minəcək.

“Sığorta sektorunun inkişafı, sığorta xidmətlərinə əlçatanlığın təmin edilməsi məqsədi ilə elektronlaşma hədəflərinin yerinə yetirilməsi üzrə işlər uğurla davam etdirilir. Ötən ilin sonunda “İcbari sığortalar haqqında” qanunda edilmiş dəyişikliklərin tələbləri nəzərə alınaraq Büro ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya sistemləri arasında aparılan inteqrasiya işləri yekunlaşdırılıb, əmlakın sığortalanması ilə əlaqədar lazımi məlumatların müvafiq dövlət qurumundan alınması təmin edilib. Müvafiq növlər üzrə sığorta şəhadətnamələrinin elektron tərtib edilməsi üçün əmlakın çıxarışının reyestr nömrəsi və qeydiyyat nömrəsi portala daxil ediləcək. Daha sonra müvafiq veb servis ilə elektron qaydada əmlakın digər məlumatları Dövlət Əmlak Xidmətindən əldə ediləcək” – deyə Büronun açıqlmasında qeyd olunub.

Qeyd edək ki, elektron informasiya sistemləri ilə inteqrasiyaların tamamlanmasından sonra elektron şəhadətnamə ilə bağlı məlumatlar Büronun məlumat bazasında mövcud olmaqla, vətəndaşların şəxsi kabinetlərində də məlumatların əlçatanlığı təmin ediləcək. Elektron informasiya sistemində məlumatların mövcud olması müvafiq icbari sığorta növü üzrə sığortalanmağa nəzarəti həyata keçirən orqanlara müvafiq məlumatın ötürülməsini asanlaşdıracaq.

Bürodan onu da bildiriblər ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növlərinin elektronlaşdırılması yekunlaşdırılıb, “Sərnişinlərin icbari fərdi qəza sığortası” nın elektronlaşdırılması istiqamətində isə işlər intensiv olaraq davam etdirilir. Yaxın zamanlarda yeniliklərin ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur.