İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək biznes subyektləri ilə görüş keçirilib

2023.05.26 12:24 (UTC+04:00)

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında fəaliyyət göstərəcək biznes subyektləri ilə Zəngilan rayonunun Ağalı kəndində görüş keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “vergiler.az”a verilən məlumata görə, görüşdə sahibkarlar işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən dövlət dəstəyi, o cümlədən vergi və digər güzəştlər, habelə regionun mövcud investisiya imkanları barədə məlumatlandırılıb.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin təşəbbüsü, KOBİA-nın təşkilatçılığı ilə keçirilən tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri və 50-dən çox sahibkar iştirak edib.

Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyinin, İqtisadi Zonaların İnkişafı Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, Sahibkarlığın İnkişafı Fondunun, Qida Təhlükəsizliyi Agentliyinin və Azərbaycan İnvestisiya Şirkətinin nümayəndələri işğaldan azad olunmuş ərazilərdə biznes fəaliyyəti ilə məşğul olmaq istəyən sahibkarlıq subyektləri üçün nəzərdə tutulan vergi, sosial sığorta, kommunal xidmətlər və digər güzəştlər, Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı barədə məlumat verib, sahibkarların sualları cavablandırılıb.