İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən türk standartı əsasında AZS 1.3:2023 “Azərbaycan Respublikasının Milli Standartlaşdırma Sistemi. Texniki şərtlərin işlənib hazırlanması, tərtibatı, razılaşdırılması, təsdiqi, qeydiyyatı, yoxlanması, dəyişikliyin edilməsi və ləğvi qaydaları” dövlət standartı qəbul edilib.
İnstitutdan “vergiler.az”a verilən məlumata görə, AZS 1.3:2023 mala, işə, xidmət və proseslərə (o cümlədən idarəetmə sisteminə) dair texniki şərtlərin işlənib hazırlanması, tərtibatı, razılaşdırılması, təsdiqi, qeydiyyatı, yoxlanması, dəyişikliyin edilməsi və ləğvi qaydalarını müəyyən edir.
Yeni standart sahibkarlar tərəfindən tətbiq edilən mala, işə, xidmət və proseslərə (o cümlədən idarəetmə sisteminə) dair texniki şərtlərin müvafiq sahə üzrə qanunvericiliyin tələblərinə uyğun işlənib hazırlanmasına şərait yaradacaq.
Sözügedən standart layihəsi “Təşkilati, metodoloji və ümumi texniki standartlar” üzrə Texniki Komitədə (AZSTAND/TK 37) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Yeni dövlət standartı qüvvəyə mindiyi tarixdən (15.05.2023) AZS 1.3:2014 “Azərbaycan Respublikasının dövlət standartlaşdırma sistemi. Texniki şərtlərin işlənməsi, razılaşdırılması, təsdiqi və qeydiyyatı qaydaları” dövlət standartı qüvvədən düşmüş hesab edilir.