Rəşad Nasser: “Azərbaycan nəqliyyat və logistika infrastrukturunun inkişafında mühüm irəliləyişlər əldə edib”

2023.05.25 10:46 (UTC+04:00)

Braziliyalı iqtisadçı ekspert Rəşad Nasser “vergiler.az”a açıqlamasında Azərbaycanın strateji baxımdan Avropa və Asiyanın kəsişməsində yerləşdiyinə diqqət yönəldərək deyib: “Azərbaycanın Rusiya, Türkiyə, İran və Yaxın Şərq kimi böyük bazarlara çıxışı var. Son illər ölkə Bakı-Tbilisi-Qars dəmir yolunun, Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, avtomobil yolları şəbəkəsinin genişləndirilməsi kimi nəqliyyat infrastrukturu layihələrinə böyük sərmayələr yatırır. Bu sərmayələr Azərbaycanın qonşuları ilə əlaqəsini yaxşılaşdırıb, ticarət və iqtisadi artım üçün yeni imkanlar yaradıb”, - ekspert bildirib.

Onun sözlərinə görə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yanında yerləşən Ələt Azad İqtisadi Zonası Azərbaycanın xarici investisiyaların cəlb edilməsi və iqtisadi inkişafın təşviqi istiqamətində əsas təşəbbüslərindən biridir.

"Zona logistika, istehsal və xidmət sahələrində fəaliyyət göstərən şirkətlər üçün vergi güzəştləri və sadələşdirilmiş prosedurlar nəzərdə tutur. Xəzər dənizinə və əsas nəqliyyat marşrutlarına yaxınlığına görə Ələt Azad İqtisadi Zonası Mərkəzi Asiya ölkələri üçün regional logistika qovşağına və giriş qapısına çevrilə bilər”, - Rəşad Nasser qeyd edib.

Ekspert vurğulayıb ki, ölkənin strateji mövqeyi, infrastruktura sərmayə qoyuluşu və Ələt Azad İqtisadi Zonası kimi təşəbbüslər regionda fəaliyyətlərini genişləndirmək istəyən bizneslər üçün böyük imkanlar açır.

Tamilla MƏMMƏDOVA