Azərbaycan-Braziliya iqtisadi əlaqələri böyük potensiala malikdir. Ölkələr bu potensialdan istifadə etməyə hazır olduqlarını bildiriblər. Bunu “vergiler.az”a braziliyalı iqtisadçı ekspert Rəşad Nasser deyib.
Onun sözlərinə görə, Azərbaycan-Braziliya münasibətlərinin şaxələndirilməsinin yollarından biri ənənəvi sektorlardan kənarda yeni əməkdaşlıq sahələrinin araşdırılmasıdır.
“Azərbaycan neft və qaz ehtiyatları ilə tanınır, Braziliya isə kənd təsərrüfatı sektoru ilə məşhurdur. Bununla yanaşı, hər iki ölkədə qarşılıqlı faydalı ola biləcək bir çox başqa sənaye sahələri var. Məsələn, Azərbaycanın informasiya texnologiyaları, turizm və nəqliyyat, Braziliyanın isə bərpa olunan enerji, aerokosmik və mədənçıxarma sahələrində güclü təcrübəsi var. Bu əməkdaşlıq sahələrinin təşviqi əlaqələrin şaxələndirilməsinə kömək edə bilər”, - ekspert qeyd edib.
Onun fikrincə, iqtisadi əlaqələri intensivləşdirməyin başqa bir yolu hər iki ölkənin biznes dairələri arasında birbaşa əlaqələrin qurulmasıdır: “Bu, Azərbaycandan və Braziliyadan olan sahibkarları və investorları bir araya gətirən biznes forumları, ticarət yarmarkaları və digər tədbirlər vasitəsilə həyata keçirilə bilər. Bundan əlavə, hər iki ölkənin şirkətləri arasında birgə müəssisələrin, tərəfdaşlıqların və əməkdaşlığın təşviqi də iqtisadi əlaqələrin gücləndirilməsinə kömək edə bilər”.
Ekspert vurğulayıb ki, Azərbaycan ilə Braziliya arasında iqtisadi əlaqələrin şaxələndirilməsi yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsini, işgüzar dairələr arasında birbaşa əlaqələrin inkişaf etdirilməsini və siyasi, diplomatik əlaqələrin gücləndirilməsini tələb edir.
Tamilla MƏMMƏDOVA